Təkrar korrupsiyanın anasıdır

Təkrar korrupsiyanın anasıdır Azərbaycan Dövlət İqtisad Universitetində yoxlamalar haqda baş prokurorluğun açıqlamalarını oxuyanda dejavu yaşamış kimi oldum. Deyir orda korrupsiya baş veribdir, dövlət vəsaitlərini basıb yeyiblər. Prosesdə keçmiş (? - indi kimdir bilmirəm, bəlkə yenə odur) rektor Şəmsəddin Hacıyevin adı hallanır. Şəmsəddin müəllim həm də “görkəmli” yapistlərdən biridir, uzun müddət deputat düyməsi basan işləmişdir. (Bunu da dəqiqləşdirməyə həvəs olmadı ki, Şəmsəddin müəllim hazırda da deputatxana üzvüdürmü. Biz elə əbədi deputat Madər müəllimi tanısaq bəsdir. Bir də Zahid Orucun səsi gəlsin. Başqa deputatlar bizi qətiyyən maraqlandırmır).

Görünür, öyrəncəli müəyyən obyektə tövbənin xeyir vermədiyi haqda milli məsəlimiz “Narxoz”un timsalında növbəti təsdiqini tapmışdır. Axı hamıya məlumdur ki, bu institut SSRİ vaxtı ən rüşvətxor, ən korrupsiyaya bulaşmış ali məktəblərimizdən biri idi. Pullu adamlar, partnomenklatura uşaqlarını bura basırdılar ki, bitirib zavmaqdan-zaddan işləsinlər, SSRİ-nin əsas iqtisadi qurumu olan Dövlət Plan Komitəsində yeyinti ilə məşğul olsunlar, cürbəcür “Az-qoz-kon-mon-trest-mrest-prom-maş-qaş”-zad adlı axmaq idarələrdə günlərini keçirtsinlər.


Elə bu rüşvət yuvası olması üzündən SSRİ dövründə yanılmıramsa yeganə bağlanan ali məktəb də Narxoz olmuşdu. Qorbaçovun hesabına, təbii. Yenidənqurma təzə başlayanda - 1986-cı ildə dövlət komissiyası institutu yoxlamışdı, məlum olmuşdu burda adi riyazi əməlləri, məsələn, üçdə birlə ikidə biri toplaya bilməyən tələbələr “oxuyur”. (Məncə, yoxlama da müəyyən dərəcədə ağını çıxarıbmış, çünki 1989-cu ildə mənim tələbə yoldaşlarımdan biri vurma cədvəlini bilmirdi. Atası Naftalanın milis rəisi işləyirdi). O vaxtlar Narxoza el arasında Pulxoz deyirdilər. Narxoz qısaltmasını da izah edim, ola bilər indiki uşaqlar anlamaz. Bu, rusca “narodnaya xozyaystva” sözlərindən yaranmışdı, mənası xalq təsərrüfatı idi, o vaxt institut Xalq Təsərrüfatı İnstitutu adlanırdı.

Uzun sözün qısası, görünür, Şəmsəddin müəllim Narxozun o “şərəfli” keçmişini unutmamışdır, əməllərində yaşatmışdır. Axı bizdə tarixə, mentalitetə, ənənələrə hörmət dövlət siyasətidir.

Təsadüfə baxın ki, başqa bir hadisə də sözlərimizi dəqiq təsdiq eləməkdədir. Keçən günlərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının rəhbəri olmuş Ramiz Məmmədli adlı tipin məhkəməsi keçirildi. Bu adam azı 7 min nəfərə müəllim diplomu satmaqda suçlanır. Təsəvvür edirsinizmi? Bir deyil, beş deyil... Yeddi min saxta müəllim. Özü də bu, cəmi 1 ildə - 2014-də satılan diplom sayıdır. Sonra deyirlər uşaqlarımız niyə bisavaddır, debildir, idiotdur. Sözgəlişi, bu bədnam Müəllimlər İnstitutunun da bir yapist və əndirəbadi rektoru var idi (bəlkə indi yenə odur - bu gün beynəlxalq qeyri-dəqiq köşə günüdür, üzürlü sayın) Aqiyə Naxçıvanlı adında. Əndirəbadi ona görə yazıram ki, adam Oğuz rayonunda doğulsa da özünə Naxçıvanlı ləqəbi qoşmuşdu. Heç onun adını indi məhkəmədə tutan yoxdur, halbuki bütün saxta diplomlarda şəxsən imzası vardır. Nəsə, söhbətimiz ayrıdır.

Bax həmin Ramiz əkənin diplom dükanı haqda xəbərlərin birində yenə mən dejavyu yaşadım. Xəbərdə yazılmışdı ki, Müəllimlər İnstitutunun Gəncə filialının direktoru nə təhər harınlayıbmışsa bəzi adamların uşaqlarının toyuna... diplom nəməri atırmış. Sitat: “O, vəzifəsini, saxta diplom düzəltmək ”bacarığını" açıq-aşkar şəkildə reklam etməkdən, bu əməlini ətrafdakılara nümayişkaranə şəkildə göstərməkdən də çəkinmirmiş. Məlumata görə, R.Məmmədov iştirak etdiyi toy məclislərindən birində nəmər əvəzinə direktoru olduğu institutun diplomunu göndərib. O, toy məclisinin sahibinə həmin diploma övladının ad və soyadını yazmasını, ixtisas seçməsini istəyib" (bax: musavat.com, 21 oktyabr, “Azərbaycanda toya nəmər əvəzinə diplom salan direktora cəza istənildi” yazısı).

İndi sizə bunun niyə dejavyu olduğundan yazım, bilməyənlər də bilsin. Narxoz 1986-cı ildə yoxlanılanda üzə çıxan faktlardan biri elə buna bənzər diplom hədiyyəsi faktı imiş. Hansısa raykom katibi, sovet partnomenklatura üzvü, yekə bir korrupsiya bossu Narxozun rektorunu orta məktəbdə oxuyan uşağının doğum gününə qonaq çağıranda rektor uşağa hədiyyə kimi elə Narxozun diplomunu verirmiş. Hər şey dəqiq olsun deyə uşağın indiki yaşı, haçan məktəbi qurtaracağı, Narxoza “girəcəyi” və oranı bitirməsi hesablanıb diploma tarixlərlə həkk edilirmiş. Deyilənə görə bu, durğunluq dövründə Narxozda adi praktika imiş.

Kim bilir, görəsən, heç olmazsa o uşaqların tarixçəsini diploma düz hesablayıb yaza biliblərmi?

Bir də onu qeyd edim ki, hazırda bizim təhsil naziri və onun azı iki müavini Narxozun məzunu olublar.



Zamin HACI
Tarix: 27-10-2017, 09:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}