Futbol üzrə növbəti dünya çempionatının başlanğıc tarixi açıqlanıb

İlk oyun və açılış mərasimi Mexikoda baş tutacaq
2026-cı il futbol üzrə dünya çempionatının ilk oyunu və açılış mərasimi iyunun 11-də Mexikodakı “Azteca” stadionunda keçiriləcək. AYNA xəbər verir ki, bu barədə FIFA-nın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Meksika yığmasının ilk oyundakı rəqibi daha sonra müəyyənləşəcək. Kanada komandası turnirə iyunun 12-də Torontoda keçiriləcək oyunla başlayacaq.
“Azteca” Stadionu 87 min 523 tamaşaçı tutumuna malikdir. Arena iki dünya çempionatının finalına ev sahibliyi edib: 1970 və 1986-cı illərdə. Stadion 1968-ci ildə Olimpiya futbol turnirinə ev sahibliyi edib.
2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnirin qrup mərhələsi 72 oyundan ibarət olacaq. Ölkələr hər birində dörd komandadan ibarət 12 qrupa bölünəcək. Qrup mərhələsindən sonra komandalar 1/16 finalda çıxış edəcək. Ümumilikdə 104 görüşdən ibarət olacaq turnir 56 gün ərzində baş tutacaq. Final matçı 2026-cı il iyulun 19-na təyin edilib.
Xatırladaq ki, əvvəllər dünya çempionatlarında 32 komanda iştirak edirdi. Turnirlər 64 görüşdən ibarət olurdu.
Tarix: 5-02-2024, 09:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}