Turizm Agentliyinin müzakirələrə səbəb olan “3 tonluq ərik arağı tenderi”ni bu şirkət uddu - AD AÇIQLANDI...

Turizm Agentliyinin müzakirələrə səbəb olan “3 tonluq ərik arağı tenderi”ni bu şirkət uddu
Azərbaycan Dövlət Turizm Agentliyinin Qərbi Azərbaycan mətbəxi ilə bağlı tədbirin təşkili üçün keçirdiyi tender müsabiqəsinin nəticəsi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “ADMEDİA.AZ” MMC (VÖEN - 2002644161) olub.
“ADMEDİA.AZ” MMC Turizm Agentliyinə ümumi dəyəri 67 min 915 manat 51 qəpik olan 154 adda müxtəlif məhsul və xidmətlər təqdim edəcək. Bu məhsulların böyük əksəriyyəti ərzaq məhsullarıdır.
Məlumat üçün bildirək ki, ötən ay tender müsabiqəsi ilə bağlı elan açıqlanan zaman sosial mediada və mətbuatda böyük müzakirələrə səbəb olmuşdu. Belə ki, tender müsabiqəsində texniki səbəblərdən satın alınacaq ərzaq məhsullarının miqdarı çox göstərilib. Tender elanında göstərilirdi ki, 150 nəfər qonağın iştirak edəcəyi tədbir üçün 3 000 litr ərik arağı, 2 400 kq kərə yağı, 5 000 kq qovurma (Naxçıvan), 3 500 kq qoz ləpəsi və s. təqdim olunacaq.
Ölkə ictimaiyyəti tərəfindən bu məlumat geniş müzakirə olunduqdan sonra Dövlət Turizm Agentliyi məlumat yayaraq yanlış anlaşılma olduğunu bildirib.
Qeyd edək ki, tenderin yekun nəticəsinə görə qalib şirkət “ADMEDİA.AZ” MMC Dövlət Turizm Agentliyinin 150 nəfərlik tədbirinə 15 litr ərik arağı, 46 kq kərə yağı, 30 kq qızıl balıq filesi, 40 kq qovurma (Naxçıvan), 8 kq pomidor mürəbbəsi və s. ərzaq məhsulları təqdim edəcək.
Onu da bildirək ki, tenderin qalibi olan “ADMEDİA.AZ” MMC 21 may 2013-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, təsisçisi isə Sabit Məmmədovdur.
“ADMEDİA.AZ” MMC bu günə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olub. Şirkətin rəsmi saytında göstərilir ki, əsas fəaliyyətləri reklam, media, marketinq sahələrini, həmçinin sərgi və tədbirlərin təşkili xidmətlərini əhatə edir.
Tarix: 22-02-2024, 15:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}