Ermənistana qarşı təzminat məsələmiz illər sonraya qaldı? - NƏ BAŞ VERİR?

 Ermənistana qarşı təzminat məsələmiz illər sonraya qaldı? - NƏ BAŞ VERİR?
“2022-ci ilin aprelində Ermənistanda müxalifətin nümayişlərində əsas şüarlardan biri ”Türksüz Ermənistan" olub. Bütün bu işlər üzrə sübut və faktlar tərəfimizdən toplanaraq əlavə şikayətlər şəklində məhkəməyə təqdim olunub".

Xəbər verildiyi kimi, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrətin qızışdırılması” adlı hesabatın təqdimat mərasimində çıxışı zamanı deyib.

Diplomat qeyd edib ki, bu il yanvarın 23-də Azərbaycan tərəfi beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin otuz ilə yaxın qanunsuz hərbi işğalı, etnik azərbaycanlıların öz tarixi torpaqlarından qovulması, soyqırımlar və insanlığa qarşı törədilən digər cinayətlərlə bağlı minlərlə səhifəlik sübuta əsaslanan əsas iddiasını bəyan edib və Beynəlxalq Məhkəməyə təqdim edib. “Beynəlxalq məhkəmələrdə dövlətlərarası şikayətlərə baxılmasının xarakteri nəzərə alınaraq, bu iddiaya növbəti illərdə baxılacaq”, - E.Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı törədilən bu cinayətlər sadəcə olaraq hansısa təsadüfi, xaotik şəraitdə törədilmiş qanunsuz əməllər deyil, Ermənistanda onilliklər ərzində geniş şəkildə təbliğ edilən etnik ədavət və radikal millətçi “tsexakronizm” ideoloji xəttinə əsaslanır. “Bizim dövlətlərarası iddiamız da məhz buna işarə edir. Ermənistanın ideologiyası Azərbaycan hökumətinin etnik ermənilərin bərabər hüquqlarını, iki xalqın birgə yaşamasını təşviq edən və daim sülhə çağıran yanaşmasına tamamilə ziddir”, - XİN yetkilisi diqqətə çatdırıb.

Azərbaycan məhkəmədən nə gözləyir? Niyə bir neçə il sonra baxılacaq məsələyə? Belə təzminat məsələsi də illər sonraya qalır?

“Azərbaycana qarşı nifrət cinayətləri və nifrətin qızışdırılması” adlı hesabatın təqdimatında iştirak edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda ideolgiya türklərə qarşı nifrət üzərində qurulub. Ona görə də Ermənistandakı radikal müxalifətin bu gün də əsas şüarlarından biri “türksüz Ermənistan”dır. Onsuz da 30 ildən artıqdır Ermənistanda türklər yaşamır. 1988-1989-cu illərdə Ermənistandan yüz minlərlə türk zorla, qəddarlıq öz vətənlərindən deportasiya edilib. Bu gün Ermənistan keçmiş SSRİ respublikaları arasında yeganə dövlətdir ki, öz ərazisində başqa millətlərin yaşamasına imkan yaratmayıb. Bu gün faktiki olaraq Ermənistan monoetnik dövlətdir. Ermənistan təkcə öz ərazisindən türkləri qovmaqla kifaytlənməmişdi. Azərbaycanın 20 faiz ərazisini də işğal edib həmin ərazilərdə yaşayan Azərbaycan türklərini, həmçinin digər sakinləri soyıqırıma məruz qoymuş, sağ qalan əhalini isə qovmuşdu. İşğal etdikləri ərazilərdə vandalizm həyata keçiriblər: “Azərbaycan türklərinə qarşı həyata keçirilən cinayətlərlə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə iddialar hazırlanıb. Ermənilərin insanlığa qarşı cinayətlər törətdiyini sübut edən çoxsaylı faktlar var. Ermənistan müharibə qanunlarını, beynəlxalq hüquq normalarını pozmuş bir ölkədir. 30 il Ermənistanın bu cinayətləri davam edib. İndi nəhayət Beynəlxalq Ədalət Məhkəməsində cavab verməyin vaxtı yaxınlaşır. Azərbaycanın Ermənistana qarşı qaldırdığı və qaldıracağı məhkəmə iddialarında milyardlarla dollar təzminat tələbi qoyulur. Bu da tamamilə əsaslıdır. Çünki Ermənistan Azərbaycanın ərazilərini işğal edəndə və işağlda saxladığı dövrdə qətliamlar törətməklə yanaşı rayonlarımızı, kəndlərimizi talan etməklə Azərbaycan dövlətinə və əhalinin mülkiyyətinə milyardlarla dollar ziyan vurub. Azərbaycanın iddiaları kimi Beynəlxalq Məhkəməyə ünvanlanan iddialara baxılması uzun zaman alır. Təzminat tələbinə baxılması və qərar çıxarılması beynəlxalq təcrübədə uzun sürən prosesdir. Burada prosedur qaydaları və cavadeh tərəfin işə baxılmasına rəsmi razılıq verib-verməməsinin aydınlaşması kimi məsələlər də rol oynayır. Azərbaycanın iddialarına baxılması bir neçə ilə sonra olacaqsa belə, əsas məsələ odur ki, biz müraciətlərimizi edəcəyik. Gec-tez iddialara baxılacaq”.

Hüquqşünas vurğuladı ki, biz beynəlxalq məhkəmələrdən ədalətli qərarları əldə etməyimiz üçün bütün gücümüzü işə salmalıyıq, mübarizədən bir an belə çəkinmək olmaz: “Əlimizdə olan tutarlı faktlara görə biz gec-tez Beynəlxalq ədalət məhkəmələrində Azərbaycanın iddialarının təmin edilməsi ilə bağlı qərarların qəbul olunmasına nail olacağıq. Ermənistan münaqişə dövründə Azərbaycana qarşı törətdiyi çoxsaylı müharibə cinayətlərinə, kütləvi qırğın və soyqırımı aktlarına, terrorçuluq fəaliyyətinə, vandalizmə görə hüquqi müstəvidə məsuliyyətdən yayına bilməyəcək, Azərbaycana vurduğu böyük sosial-iqtisadi zərərə görə təzminat ödəməyə məcbur ediləcək”.
Tarix: 4-11-2023, 21:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}