Son günlər yayılan qrip təhlükəlidir? - Həkim AÇIQLADI


Ötən illərlə müqayisədə ölkə ərazisində bu il payızın gəlişi daha tez müşahidə olundu. Havaların qəfil soyuması insanlar arasında qrip və oxşar xəstəliklərlin artmasına gətirib çıxarıb. Xəstəlik, əsasən, burun tutulması, boğaz ağrısı, baş ağrısı, qızdırma, halsızlıq və bu kimi simptomlarla özünü büruzə verir. Bağçaların açılması ilə əlaqədar uşaqlar arasında daha çox yoluxma müşahidə olunur. Məktəblərin açılmasına da sayılı günlər qaldığını nəzərə alaraq, valideynlərin indidən tədbir görmələri tövsiyə edilir.
 
Həkim-infeksionist Ləman Qalimova da Pravda.az-a açıqlamasında deyib ki, hazırda mövsüm dəyişir və bağçalar yeni açıldığı üçün uşaqlar arasında təmas artır. 
 
“Havalar dəyişkən olduğuna görə uşaqların immun sistemi zəifləyə bilər. Bir uşaq xəstələndikdə ətrafındakıları da asanlıqla yoluxdurur. Məhz bu səbəbdən uşaqlar arasında toplu şəkildə qrip və digər infeksiyaların yayıldığını müşahidə edirik. Məsləhət görülür ki, valideynlər yoluxmaların kəskin dövründə uşaqların bağçaya gedişini müvəqqəti dayandırıb, sonra yenidən göndərsinlər. Çünki uşaq istər-istəməz həm bağçada, həm məktəbdə bu infeksiyalarla qarşılaşmalıdır ki, immun sistemi yaransın. Ən yaxşı qorunma yolu isə uşaqların mövsümi qripə görə peyvənd olunmalarıdır. Mütləq sxem şəklində olan peyvəndlərini tamamlamalıdırlar ki, infeksiyalarla qarşılaşdıqda yüngül keçirsinlər, ağır fəsadlara yol açılmasın. Uşaqların çantasına spirt tərkibli əl antiseptikləri, qoruyucu maska qoya bilərlər. Valideynlər uşaqlara başa salmalıdırlar ki, maskadan istifadə etsinlər, qripə yoluxan uşaqlara yaxınlaşmasınlar, sosial məsafəni qorusunlar, bağçada, məktəbdə əllərini tez-tez yusunlar. Geyimə də fikir vermək lazımdır. Nə çox isti geyindirmək olmaz, nə də çox nazik. Əsas budur ki, uşaq tərləməsin. Geyim nə qədər rahat olsa, uşaq o qədər az xəstələnər”.
 
Həkim bildirib ki, hazırda təkcə uşaqlar arasında deyil, həm də böyüklər arasında yoluxmalar müşahidə olunur:  “Böyüklərə isə qrip əsasən uşaqlardan keçir. Hələ ki bu, mövsümi qrip olaraq qeydə alınır. Yaxşı olar ki, qidalanmaya, sağlam həyat tərzinə fikir versinlər, sosial məsafəni qorusunlar. Böyüklər də tibbi maskadan, mövsümi qrip peyvəndindən mütləq istifadə etsinlər”.
Tarix: 12-09-2023, 22:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}