Politoloq Nəzakət Məmmədova: “İrana qarşı birbaşa hərbi əməliyyatlar çox risklidir”


İran-ABŞ gərginliyi - region və dünya təhlükədə...

 

ABŞ-la İran arasında son günlərdə yenidən yaranan nüvə qarşıdurması pik həddədir. İyunun 4-də Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümü ilə bağlı mərasimdə çıxışında dini lider Ayətullah Xameneyi hökuməti nüvə fəaliyyətini yenidən bərpa etməyə çağırması, Nüvə Enerjisi Qurumuna mövcud nüvə anlaşması çərçivəsində 190 min sentrafuqa çatmaq üçün dərhal hazırlıqlara başlamağı tapşırması tərəfləri açıq müharibəyə sürükləyir.

Artıq İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi medianın müşayiəti ilə Natanzdakı nüvə istehsalı mərkəzinə gedib. Salehi burada mediaya verdiyi açıqlamada deyib ki, qarşıdakı bir ay ərzində mərkəz tam gücü ilə istehsala başlayacaq.

Qarşı tərəfin, yəni Amerikanın bu məsələyə reaksiyası uzun çəkməyib. ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, İranın öz nüvə gücünü artırmaq niyyətində olması ilə bağlı məruzələrdən xəbəri var. Pompeo twitter səhifəsində yazıb ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Politoloq Nəzakət Məmmədova bildirdi ki, vəziyyət birmənalı surətdə gərginliyə doğru gedir: “İranın yenidən uranı təhlükəli həddə qədər zənginləşdirmək ehtimalı artıq bir reallığa çevrilib. Bu, bütün dünya üçün bir təhlükə mənbəyidir. Bu, həm ABŞ və İran, eləcə də İsrail və İran arasında münasibətlərin kəskinləşməsinin təzahürüdür, eyni zamanda ABŞ və onun sazişdən çıxmasına qarşı müqaviməti göstərən Avropa ölkələri arasında gərginliyə aparıb çıxara bilər. Xatırlayırsınızsa, Fransa prezidenti Makron Vaşinqton səfəri zamanı Trampla görüşəndə o, Avropa ölkələrinin buna qarşı çıxdığını bəyan etmişdi. Buna baxmayaraq, ABŞ Avropadakı müttəfiqlərinin yox, Yaxın Şərqdəki müttəfiqi İsrailin mövqeyini dəstəklədi. Tramp nüvə sazişindən çıxdığını bəyan edib. Lakin hər bir ölkənin imzaladığı müqavilədən çıxması, yəni denonsasiya bir müddət vaxt aparan prosesdir. Burada təkcə Trampın iradəsi yox, həm də Konqres, Dövlət Departamenti, Pentaqonun rəyləri də nəzərə alınır. Yəni Tramp müqavilədən çıxdığını bildirsə də, ABŞ-da qərarvermə prosesinə təsiri ola bilən digər strukturların rəyi diqqətə alınmaqla, proses davam edəcək. Lakin İran məsələsi o məsələlərdəndir ki, burada Tramp, Pentaqon və Konqresin yanaşması demək olar oxşardır. Belə ki, Pentaqon İrana qarşı sərt siyasət tərəfdarıdır, çünki hərbi-siyasi konsernlərinin marağı var. Konqresdə isə yəhudi lobbisinin təsiri danılmazdır və İran əleyhinə qərarın çıxma ehtimalı böyükdür. Dövlət Departamentində mülayim mövqeli Tillersonu sərt Pompeo əvəz edib. Bununla yanaşı, beynəlxalq şərait də İranın təcridinə hesablanaraq bu ölkə ətrafında həlqə daralmağa başladı”.

Politoloq bir vacib məqamı da vurğuladı ki, Ermənistanda həyata keçirilən çevrilişi həm də İranın şimaldan blokadası məqsədi daşıyır: “Artıq Tehran belə bir çıxılmaz vəziyyətdə təhdid dolu ilə danışmağa başlayıb. Salehinin bəyanatı da ABŞ sazişdən çıxarsa və öz müqavilə öhdəliklərini yerinə yetirməzsə, o zaman İranın da öz nüvə proqramından imtina etmək öhdəliyindən əl çəkdiyini göstərmək istəyir. Artıq bir çox beynəlxalq şirkətlər ABŞ sanksiyalarına məruz qalmamaq üçün İranı tərk edirlər. Onların yerini Rusiya və Çin şirkətləri tutur. Bu vəziyyət Qəddafi dövrü Liviyasını xatırladır. Liviyada baş verən hadisələrin səbəblərindən biri bu ölkədəki Rusiya və Çin şirkətlərini sıxışdırıb çıxarmaq idi. Prezident Ruhani ABŞ-in istənilən addımlarına ehtiyat variantı cavab tədbirləri planının olduğunu bildirib. Bu da o deməkdir ki, İran müharibə variantına belə hazırdır. Lakin proseslərin İrana qarşı hərbi əməliyyatlara başlamasına qədər gedəcəyi inandırıcı görünmür. İsrail və ABŞ İranı Yaxın Şərqdəki regional ambisiyalarını çəkindirməyə və onun yerini İsrail və Səudiyyə Ərəbistanı ilə doldurmağa çalışır. İrana qarşı birbaşa hərbi əməliyyatlar çox risklidir və bu müharibənin nə ilə nəticələnəcəyini demək çətindir. Bir şeyi dəqiq demək olar ki, region böyük xaosa sürüklənə bilər. İranla nüvə sazişi hazırda beynəlxalq təhlükəsizliyin əsas təminatı sənədlərindən biridir. ABŞ-ın ondan çıxması və İranın qarşılığında uranı zənginləşdirməyə davam etməsi beynəlxalq və regional təhlükəsizliyə birbaşa təhdiddir. Çünki müqavilə bir şərtlə imzalanmışdı ki, İran həm də ballistik raket istehsalı ilə məşğul olmaqdan imtina etsin. İndi isə o, uranı təhlükəli həddə zənginləşdirməklə yanaşı, ballistik raket texnologiyalarını da inkişaf etdirə bilər. Sərhədimizdə bir dövlətin sürətlə silahlanması əlbəttə ki, bizim üçün də təhdiddir. İran və Azərbaycan arasında birbaşa hərbi qarşıdurma olmasa belə onun beynəlxalq gərginlik içərisində olması və bu gərginliyin daha da artması bizim üçün də risklər yaradır. Bu, dünyada parçalanma və hərbi münaqişə riskini artıra, yeni bir münaqişə ocağı yarada bilər. Bunun Azərbaycanın bilavasitə sərhədində olması, milyonlarla Azərbaycan türkünün yaşadığı ölkə ilə olması yaxşı nəsə vəd etmir. Ermənistanda qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsi bu ölkənin İrana qarşı əvvəlki mövqeyini dəyişəcəyini, öz ərazisindən kəşfiyyat fəaliyyəti üçün icazə verəcəyini deməyə əsas verir. Azərbaycan isə çətin seçim qarşısında qala bilər”.(“Yeni Müsavat”)


Tarix: 9-06-2018, 08:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}