Elçibəyi prezidentlikdən edən məşhur - Bəyanat



1993-cü ilin 4 iyununda Gəncədə birqada komandiri Sürət Hüseynov tərəfindən hökumətə qarşı baş verən qiyamın səbəbləri və qarşısının alınmaması haqqında müzakirələr bu günədək davam edir.

Teleqraf.com xəbər verir ki, qiyamçı Sürət Hüseynovla AXC iqtidarı arasında ilk toqquşma 1993-cü il fevralın 10-da baş verib. Buna səbəb isə AXC İcraiyyə Komitəsi tərəfindən 1993-cü ilin 9 fevralında verilən bəyanat olub.

Qeyd edək ki, bu bəyanat o dövrdə yalnız Az.Tv-nin “Xəbərlər” proqramında oxunub. Bundan sonra isə AXC iqtidarı ilə qiyamçı polkovnik arasında münasibətlər pisləşib. Sonradan münasibətlər qısa müddətə yoluna qoyulsa da, 4 aydan sonra Hüseynov qiyamla AXC iqtidarını hakimiyyətdən kənarlaşdırıb.

Həmin məşhur bəyanat haqqında çox danışılsa da, onun mahiyyəti haqqında heç vaxt müfəssəl məlumat olmayıb.

Sözügedən bəyanatın tam mətnini təqdim edirik:
“Respublikada hərbi-siyasi durumla bağlı Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin bəyanatı.
Artıq 5 ildir ki, Azərbaycan torpağında müharibə gedir. Azərbaycanın keçmiş oyuncaq dövlətinin acizliyi, ordunun təşkili ilə bağlı cinayətkar fəaliyyətsizlik nəticəsində torpaqlarımızın br hissəsi erməni işğalçılarının əlinə keçib.

Xalq bütün bunlardan cana doyaraq hesab edirdi ki, AXC hakimiyyətə gəldikdən sonra hərbi uğursuzluğa son qoyulacaq və müharibədə əsaslı dönüş yaradılacaq. Goranboy, Tərtər, Ağdərə istiqamətində 1992-ci ildə qazanılan ilkin uğurlar bu ümidi daha da gücləndirib. Lakin beynəlxalq aləmin təcavüzkar Ermənistan Respublikasını “zavallı” sayaraq ona geniş humanitar yardım göstərməsi və Ermənistanda da Qarabağa humanitar “yardım” adı ilə hər cür ləvazimat, silah-sursat, texnika, canlı qüvvə gətirilməsi nəticəsində Qarabağda qüvvələr nisbəti ermənilərin xeyrinə dəyişib. Bizdə isə bu ciddi faktorun nəzərə alınmaması nəticəsində baş verən hadisələr, aparılan bir sıra uğursuz əməliyyatlar, orduda nizam-intizamın dözülməz səviyyədə zəifləməsi, bəzən milli xəyanət səviyyəsinə çatan fəraliliyin çoxalması, orduda yaranan cəzasızlıq mühitindən doğan məsuliyyətsizliyin, biganəliyin, laqeydliyin bir xəstəliyə çevrilməsi, rütbəli hərbi işçilər arasında çəkişmələrin, şəxsi ambisiyaların baş alıb getməsi, nəzarətsizlik nəticəsində dövlət vəsaitinin küllü miqdarda məminsənilməsinin orduda adi hala çevrilməsi, şəhidlərin qanı hesabına əldə olunan uğurları heçə endirir. Müharibənin uzanması, 1992-ci il may hadisələrindən sonra hərbi sahədə müsbət irəliləyişə olan etimadın əriməsi AXC-nin nüfuzuna xələl gətirməklə bərabər milli dövlət quruculuğunu təhlükə altına qoyub.

Son zamanlar baş verən Zəngilan və ən nəhayətdə Ağdərə hadisələri bir daha sübut edir ki, orduda artıb kök salan bəzi təxribatçı qüvvələr, imperiya və erməni diasporunun casusları, səriştəsiz komandirlər tərəfindən aparılan uğursuz əməliyyatlarla nəyin bahasına olursa, olsun xalqın yeni hakimiyyətinin Qarabağ problemini həll etməyə qadir olduğuna şübhə yaratmaq, inamsızlıq yaratmaq məqsədi güdür.

Təəssüflər olsun ki, orduda nizam-intizamın zəif olması, vahid komandanlığın təmin edilməməsi, fərariliyin kütləvi xarakter alması Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinin ciddi narahatçılığına səbəb olmur.

Xüsusilə, Ağdərə hadisələri bizi ciddi narahat edir. Azərbaycan prezidentinin Ali Baş Komandan kimi Ağdərə müdafiə xəttini möhkəmləndirmək əmrinə baxmayaraq, korpus komandiri Sürət Hüseynov başçılıq etdiyi korpusu və hərbi texnikanı döyüş meydanlarından çıxararaq, Gəncəyə aparıb və indi işğal edilən Ağdərənin kəndlərini müdafiəsiz qoyub.

Baş verən hadisələr bir daha sübut edir ki, planlı şəkildə aparılan bu təxribatın arxasında geniş miqyasda dövlət çevrilişi hazırlamaq niyyətində olan qüvvələr durub. Əslində Sürət Hüseynovun Ali Baş Komandanın əmrini yerinə yetirməməsi hərbi cinayət hesab edilməli və Ağdərə hadisələrində təqsiri olan bütün cinayətkarlar cinayət məsuliyyətinə cəlb edilməlidir.

AXC İcraİyyə Komitəsi belə hesab edir ki, ən qısa müddətdə Müdafiə Nazirliyinin strukturunda ciddi dəyişikliklər edilməli, hərbi intizamı pozanlara, döyüş mövqelərini tərk edənlərə qarşı ölüm cəzasına qədər ən sərt tədbirlər tətbiq olunmalıdır.

Bu ağır zamanda AXC İcrİayyə Komitəsi xalqı sayıq olmağa və torpaqlarımızı erməni işğalçılarından təmizləmək üçün yeganə qüvvə olan güclü, müstəqil Azərbaycan dövləti ətrafında sıx birləşməlidir”.

Xatırladaq ki, AXC-nin sonunu gətirən bu məşhur bəyanatı o dövrdə AXC İcriayyə Komitəsi verib. 

Tarix: 12-06-2018, 10:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}