Evsizlər keçmiş köçkünlər üçün tikilən evləri niyə almır?


Keçmiş məcburi köçkünlər üçün tikilən evlərin satışı davam edir.
Satış prosesinin ötən ilin iyulun 1-dək sonlandırlması gözlənilsə də, hələ də satılmayan, öz alıcısını gözləyən mənzillər var. Bu mənzillərin qiyməti mərtəbəsinə, otaq sayına, ölçülərinə görə fərqlənir.
Məsələn, Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində satışa çıxarılan 83,5 kvadrat metr sahəsi olan üçotaqlı mənzilin qiyməti 58 min 450 manatla 61 min 790 manat arasında dəyişir.
Abşeron rayonundakı yeni yaşayış kompleksində də eyni göstəricilərlə oxşar qiymətə mənzillər təklif olunur.
Ramana qəsəbəsində isə satışa çıxarılan, hələ bron edilməmiş, 67 min 320 manata təklif olunan üçotaqlı mənzillər mövcuddur. Lakin digər tərəfdən bir il ərzində mənzillərin yalnız 18-19 faizi satılıb.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vaxtilə məcburi köçkünlər üçün tikilmiş, ancaq təyinatı dəyişdirilmiş 2-3-4 otaqlı mənzilləri satışa çıxarıb.
Satışına 23 yanvar 2023-cü ildə başlanan mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı binalarda yerləşir. 
Fakt odur ki, satışa çıxarılmasından müəyyən müddət keçməsinə baxmayaraq, istehlakçılar həmin binalara o qədər də maraq göstərmir. Nəzərə alaq ki, bu evlər “kupca”lıdır, bu baxımdan alıcısı da olmalı idi. Ancaq ötən müddət ərzində bu evlərin cüzi faizi satılıb. 
Maraqlıdır, məcburi köçkünlər üçün nəzərdə tutulmuş bu mənzillərə niyə tələbat yoxdur?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Cebhe.info”-ya bildirdi ki, hələ bir neçə il öncə “Gənclər şəhərciyi” yaşayış massivinin tikilməsi nəzərdə tutulmuşdu və aidiyyəti qurum Gənclər və Turizm Nazirliyi (indiki Gənclər və İdman Nazirliyi) şəhərin içərisində normal bir ərazidə torpaq tapa bilmədiyinə görə, bu məsələni dayandırdı:

“Sonradan sosial təyinatlı binalar tikildi. Bir neçə il öncə torpaq tapmaq çətin idisə, indiki dövrdə torpaq tapmaq olduqca çətindir. Ona görə də məcburi köçkünlər üçün olan bu binalar olduqca ucqar nöqtələrdə tikildi.
İkinci səbəb isə odur ki, onların ətrafında demək olar ki, məktəb, bağça, yol, ticarət infrastruktur yoxdur, ya da çox zəifdir. Digər bir səbəb isə odur ki, bu kimi sosial layihələr adətən ən minimal xərclərlə tikilir.
Tender elan olunur, tikinti və təmir üçün kim ən ucuz qiymət təklif edəcəksə təbii ki, o tenderi udmuş olur.
Orada satış üçün nəzərdə tutulmayıb və dövlət tərəfindən əhaliyə yardım məqsədilə verilən evlər olur. Orada da ən ucuz materiallardan təmir işləri aparılır. Yəni bazarın tələbatına görə deyil, satış üçün nəzərdə tutulmayıb.
Bu kimi səbəbləri nəzərə aldıqda təbii ki, onların satışı çətin olacaq. Əgər onu satış məqsədilə özəl şirkət tiksəydi ki, təmir edib satacaq, təbii ki, bazar tələbatına uyğun, keyfiyyətli təmir edərdi. Ancaq burada sifarişçi dövlət olub.
Sovet dövründə plan sistemi vardı. Dövlətə nə lazımdısa, dövlət də onu sifarişli şəkildə həyata keçirirdi.
Keyfiyyəti də hamıya bəlli idi. Bu da oxşar, planlı şəkildə dövlət ehtiyacı üçün tikilmiş binalardır.  İstehlakçı da gəlib baxır və keyfiyyəti onu qane etmir. Həm ucqar yerlərdir, həm də keyfiyyəti tələbata uyğun deyil”. 
Bu binaların aqibətinin necə olacağına gəldikdə isə, ekspert deyir ki, müstəqil qiymətləndirmə şirkətləri bu evlərə adi bazar qiyməti, müqayisə metodu ilə qiymət təyin edirlər: 
“O demək deyil ki, bazar qiyməti ilə alıcılar tərəfindən alınacaq. Burada yəqin ki, təkrar qiymətləndirmə işi aparılmalıdır. Yəni bazar qiyməti ilə yox, satış qiyməti ilə təkrar qiymətləndirmə aparılmalıdır.
Qiymətləndirməni aparan təşkilatlar buna düzgün yanaşmayıblar. Birinci mərhələ oldu və müəyyən zaman keçdi, təcrübə göstərdi ki, bu qiymət keçərli deyil. Təkrar qiymətləndirmə aparılmalıdır. Bizdə daşınmaz əmlakın hərraca çıxarılması məsələsi var ki, hərrac yolu ilə satılması daha düzgün olardı.
Bunlara likvid bazar qiyməti qoyulur. Məsələn, satış qiyməti 1000 manatdırsa, likvid dəyəri 20 faiz götürülərsə, 80 mindən başlayır və hərrac keçirilir. Eləcə də hər mənzilin individual qiyməti olmalıdır”.
Tarix: 6-03-2024, 09:29
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}