“Quru yolların bağlı qalması sərhəd bölgələrdə yaşayan əhalinin vəziyyətini çətinləşdirir” — AÇIQLAMA


Milli Məclisin bugünkü iclasında Baş nazir Əli Əsədov bildirib ki, quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla əlaqələndirmək düzgün deyil. O xatırladıb ki, quru sərhədləri bağlı olsa da, 2021-ci ildə ÜDM 5,6 faiz, 2022-ci ildə isə 5,7 faiz artıb: “2020-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb. Bu mənim Baş nazir kimi səlahiyyətimdir, mən buna imza atmışam. Bu yaxınlarda sərhədlərin yenə də 3 aylıq bağlı qalmasına qərar verilib”, deyə Ə.Əsədov əlavə edib. 

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, quru sərhədlərin bağlı qalması ümumdaxili məhsula təsirsiz ötüşmür.

O, Demokrat.az-a açıqlamasında deyib ki, məsələyə geniş aspektdən yanaşmaq lazımdır: 

“2021-2022-ci illərdə baş verənlər daha çox bərpa qaynaqlı artım idi, çünki 2020-ci ildə iqtisadiyyat kəskin şəkildə kiçilmişdi. Burada diqqət ediləsi bir neçə mühüm məqam var. Bunlardan biri regionlarda, xüsusilə sərhəd bölgələrində yaşayan əhalinin gəlirləri məsələsidir. Onların gəlirlərinin qaynağı ölçülsə, böyük ehtimalla sərhədyanı xırda ticarətdən əldə olunan gəlirlərin ailə büdcəsinin formalaşmasında əhəmiyyətli dərəcədə rol oynadığı aydın olar. İndi isə bu imkanlar məhdudlaşıb, həmin kateqoriya əhalinin alıcılıq gücü zəifləyib. Bu da sərhədyanı bölgələrdə yaşayan təxminən 1 milyona yaxın insana şamil edilə bilər. İnsanların alıcılıq gücü zəifləyirsə, demək, sosial vəziyyəti də pisləşir. Eyni zamanda regionların ÜDM-nin formalaşmasında iştirakçılığı da məhdudlaşır”.

Ekspert onu da qeyd edib ki, ölkəyə gələnlərin sayında da azalmalar qalmaqdadır:

“2019-cu ildəki turizm səviyyəsi bərpa olunmayıb. Bu da turizm və xidmətlər sektoruna mənfi təsirini göstərir. ÜDM-nin hansı səviyyədə olmasından asılı olmayaraq kəmiyyət və keyfiyyət qiymətləndirilməsinin aparılmasında da fayda var. Sərhədlərin bağlı qalması bir sıra sənaye sahələrinin gəlirlərinə də mənfi təsir edir. Əgər ÜDM dəyişmirsə, gəlirlərin bölüşdürülməsi mexanizmində problem ortaya çıxır. Sərhədlərin bağlı qalması xırda ticarəti zəiflədir. Xeyli sayda xırda tacir oyundan kənarda qalıb, böyük şirkətlərin idxalı isə əksinə, artıb. Bu o deməkdir ki, gəlirlər daha böyük sosial qruplardan daha marjinal maraq qruplarına yönəlir. Bu yanaşma ölkədə gəlir bərabərsizliyini artırır“. 

Tarix: 15-03-2024, 22:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}