Deputatlardan etiraz: “Lağ elədiyimiz “ölü pensiyası” özümüzə qayıdır”


Deputatlardan etiraz: “Lağ elədiyimiz “ölü pensiyası” özümüzə qayıdır”
Sabir Rüstəmxanlı: “Biz hələ də bilmirik ki, bu qanundan nə qədər insan əziyyət çəkəcək”
 
Aqil Abbas: “Mən səs verməyəcəm. Biz bu layihəyə niyə səs verək?”
 
Vahid Əhmədov: “Bizi Avropa ilə müqayisə edirlər. Avropaya çatmağımıza hələ çox var”
 
Milli Məclisin bu gün keçirilən iclasında əlillik dərəcəsinin müəyyənləşməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı gərginlik yaşanıb. AYNA xəbər verir ki, bir neçə deputat layihədə göstərilənlərlə razılaşmayıb.
 
Deputat Sabir Rüstəmxanlı deyib ki, əlilliyin müəyyənləşdirilməsi ilə bağlı qanun layihəsində onların təklifləri nəzərə alınmayıb.
 
Millət vəkili Sosial siyasət komitəsinin sədri Musa Quliyevə irad bildirib: “Mən hörmətli Musa Quliyevin çıxışından belə başa düşdüm ki, əlilliklə bağlı qanun layihəsinin ilk oxunuşunda deputatların səsləndirdiyi təkliflərin heç biri nəzərə alınmayıb. Sadəcə bu qanunların dünya standartlarına uyğun olduğu qeyd edildi. Biz hələ də bilmirik ki, bu qanundan nə qədər insan əziyyət çəkəcək. Əgər qanunun meyarlar izah edilməsə, aydınlaşdırılmasa mən qanunun lehinə səs verə bilməyəcəm”.
 
“Deputatların hamısı əlillik haqqında qanun layihəsini tənqid edir, sonda isə deyirlər ki, çox mütərəqqi layihədir”. Bu sözləri isə deputat Aqil Abbas söyləyib.
 
Millət vəkili layihənin lehinə səs verməyəcəyini söyləyib: “Birinci Qarabağ savaşının veteranları 28 ildir veteran kağızı ala bilmir. Vətən  müharibəsi 7 aydır bitib, iştirakçılar elə bir deputat yoxdur ki, əlində sənədlə onun qapısını döyməsinlər. Buna niyə baxılmır? Əlilliyin təyin olunması ilə bağlı mütəxəssislər var, dəvət edilsinlər. Layihəyə bir də baxsınlar”.
 
A.Abbas pensiya yaşının yüksək olması ilə bağlı da etiraz edib: “Pensiya məsələsi ilk dəfə İngiltərədə tətbiq edilib və 65 yaş müəyyən edilib. Bunu lağa qoyurdular ki, “ölü pensiyası”dır. İndi lağ elədiyimizə özümüzə qayıdır. Mən səs verməyəcəm. Biz bu layihəyə niyə səs verək? Bu qədər tənqid edilirsə, otursunlar yenidən işləsinlər”.
 
Deputat Vahid Əhmədov da yeni qanun layihəsinə qarşı çıxıb: “Keçmiş nazir Səlim Müslümov pensiya ilə bağlı elə bir layihə təqdim etdi ki, bu günə qədər onun altından çıxa bilmirik. Bu qanun layihəsi paket şəklində verilməlidir. Təklif edirəm ki, bir komissiya yaradılsın, əmək və əhalinin sosial müdafiəsi naziri özü gəlib bu məsələni məruzə etsin. Burda faizlər haqqında danışdılar. Baxaq, görək ki, faizləri müəyyən etməklə nəyə nail olduq?! Bizi Avropa ilə müqayisə edirlər. Avropaya çatmağımıza hələ çox var. Bu qanun üzərində ciddi iş getməlidir”.
 
Deputat Qüdrət Həsənquliyev də etiraz edib və bildirib ki, qanuna təklif olunan dəyişikliyə səs verməyəcək.
Tarix: 11-06-2021, 17:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}