Paşinyan Qarabağda da çevriliş edir: Separatçı rejim növbəti qiyam ərəfəsində


Paşinyan Qarabağda da çevriliş edir: Separatçı rejim növbəti qiyam ərəfəsində

2019-cu ilin birinci yarısında Dağlıq Qarabağdakı separatçı rejimin daxilində inqilabi proseslər baş qaldıra bilər.Xankəndidən gələn məlumatlar saxta rejimin rəhbəri Bako Saakyanın devrilməsi planının işə salınacağını istisna etmir. Belə ki, Bako Saakyanın müşaviri Araik Arutunyan 2020-ci ildə Dağlıq Qarabağda “prezident seçkiləri”ndə öz namizədliyini irəli sürəcəyini bəyan edib. Qeyd edək ki, Bako Saakyan 2016-cı ilin fevral ayında qondarma konstitusiya islahatı keçirərək hərbi xuntaya rəhbərlik etmək üçün səlahiyyətlərini qeyri-müəyyən müddətə qədər uzadıb.

Bu plan həmin vaxt Ermənistana prezidentlik edən Serj Sarkisyanın dəstəyi sayəsində həyata keçirilmişdi. Lakin 2018-ci ilin aprel ayında Ermənistanda baş verən “məxməri inqilab”dan sonra analoji proseslər Dağlıq Qarabağa da transfer etdi. May ayının sonlarından başlayaraq Xankəndinyə B.Saakyanın istefası tələbi ilə kütləvi etiraz aksiyaları baş qaldırdı. Yalnız Ermənistanın baş naziri Nikol Paşinyanın məsələyə müdaxiləsindən, B.Saakyanın 2020-ci ildə keçiriləcək “seçkilər”də namizədliyini irəli sürməyəcəyinə dair verdiyi açıqlamadan sonra etirazlar dayandı. 

Lakin B.Saakyanın öz postunu tərk etməsinə iki il qalmış onun komandasının üzvlərindən biri rejimə rəhbərlik iddiasını ortaya qoyub. Bununla da B.Saakyanın istefası məsələsi yenidən gündəmə gəlib.Nikol Paşinyanın Xankəndiyə səfərindən və Saakyanla qapalı görüşündən dərhal sonra Araik Arutunyanın belə bir bəyanatla çıxış etməsi təsadüfi görünmür.Yəni bu ideyanın İrəvandan qaynaqlanması ehtimalı yüksəkdir.Çünki Ermənistanda parlamentin buraxılması N.Paşinyanın siyasi mövqelərini gücləndirib.

Əgər N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Sazişi” Partiyası dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gəlsə, hakimiyyəti tam möhkəmlənəcək.Ermənistanın Seçki Məcəlləsinə görə, müxalifətin parlamentdə minimum 30 faiz təmsilçilik hüququ qazanmazsa, səsvermənin nəticələri qeyri-obyektiv sayılır.Ona görə də hazırda Paşinyanın qələbə çalmaq və 70 faiz mandata sahib olmaq şansının yüksək olduğunu bilən Ermənistan müxalifəti əsasən 30 faiz uğrunda mübarizə aparır.Bu baxımdan, N.Paşinyan seçkilərdən sonra Qarabağ klanının parlamentdəki təzyiqindən xilas olmaq imkanı əldə edəcək.Hələlik isə ona orduda və cəmiyyətdə Qarabağ klanına və “Daşnaksütyun” Erməni Milli Fraksiyasına bağlı olan mühafizəkar dairələrin səslərini də öz tərəfinə çəkmək lazımdır.Paşinyanın seçkilərə “Hnçak” Sosial Demokrat Partiyası ilə ittifaqda getmək qərarı da bununla izah oluna bilər.

Parlament çoxluğunun Serj Sarkisyana və Robert Koçaryana sadiq qüvvələrdən azad edilməsi Paşinyana Qarabağ klanının təzyiqindən azad olmaq imkanı yarada bilər.Ona görə də seçkilərdən sonra Paşinyanın Qarabağ klanına qarşı siyasi hücumlarının güclənəcəyi gözləniləndir.Təbii ki, hələlik baş nazirin Xankəndiyə səfəri və hərbçilərlə fotoşəkil çəkdirməsi seçkilərdə Qarabağ klanına yaxın qüvvələrin səsini qazanmağa hesablanıb.Ancaq Rusiya ilə sıx əlaqələrə malik olan Dağlıq Qarabağdakı hərbi rejim Paşinyan hakimiyyətinə qarşı arxa cəbhə rolunu oynayır və potensial təhlükə mənbəyi olaraq qalır.Araik Arutunyanın açıqlaması bu təsirlərdən tam xilas olmaq üçün seçkilərdən sonra Bako Saakyanın yerinə Paşinyana yaxın adamın gətirilməsi planının işə salınacağından xəbər verir.

Digər tərəfdən, Ermənistandan seçkilərdən sonra Dağlıq Qarabağ probleminin nizamlanması prosesində yeni mərhələnin başlanacağı proqnozlaşdırılır.ABŞ-ın mili təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun oktyabrın 25-də İrəvana səfərindən sonra Ermənistan tamamilə yeni geosiyasi situasiya ilə üzbəüz qalıb.Yeni vəziyyət özündə ABŞ-ın Cənubi Qafqaz strategiyası ilə bağlı bir sıra yeni şərtləri əks etdirir.Ermənistanda “məxməri inqilab”a dəstək verən Vaşinqton indi Paşinyandan bunun qarşılığında ABŞ-ın maraqlarına uyğun adekvat addımlar atmağı tələb edir. Bolton səfəri zamanı N.Paşinyanla bağlı qapılar arxasında müzakirə etdiyi şərtlər belə olub:

-Ermənistan-İran sərhədini kəşfiyyat məqsədilə ABŞ-ın nəzarətinə versin;

-İranla ticarət və iqtisadi əlaqələr məhdudlaşdırılsın və üçüncü ölkələrin Ermənistan üzərindən İranla ticarət və maliyyə əməliyyatları aparmasına icazə verilməsin;

-ABŞ işğal olunmuş ərazilərin ən azı bir qismini boşaltmaqla Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılmasını istəyir; 

ABŞ prezidentinin müşavirinin danışıqlar zamanı Paşinyanı parlament seçkilərindən sonra Dağlıq Qarabağ probleminin həlli prosesində cəsarətli addımlar atmağa çağırmaqla dolayısı ilə güzəştə getməyi təklif etdi.Yəni ABŞ İranla sərhədlərə tətbiq edilən məhdudiyyətlərin müqabilində Ermənistana işğal etdiyi əraziləri (ən azı Dağlıq Qarabağın ətrafındakı rayonları) qaytarmaqla Azərbaycan və Türkiyə ilə sərhədləri açmağı təklif edir.Lakin indiki şəraitdə bu real görünmür.Birincisi, seçkilər ərəfəsində Paşinyanın hətta ABŞ-ın təzyiqləri ilə olsa belə, belə bir addım atması mümkün deyil.Paşinyan hazırda sərt ritorikaya üstünlük verməklə mühafizəkar elektoratın səslərini qazanmağa çalışır. Ona görə də hər hansı kompromis barədə yalnız seçkilər başa çatdıqdan və parlamentdə qüvvələr nisbəti Paşinyanın lehinə formalaşdıqdan sonra mümkün ola bilər. ABŞ-ın təklifinin həyata keçməsi həmin çoxluğun həm də Qərbyönlü siyasi qüvvələrdən ibarət olmasını zəruri edir.

İkincisi, Nikol Paşinyan Con Boltonun masaya çıxartdığı planı icra etmək üçün Rusiyanın və Dağlıq Qarabağdakı separatçı rejimin müqaviməti ilə üzləşəcəyini yaxşı bilir.Bu səbəbdən, N.Paşinyan yalnız Qarabağ klanını tam zərəsizləşdirmək üçün Bako Saakyanın rəhbərlik etdiyi hərbi xuntanı dəyişməlidir.Yalnız bundan sonra hansısa kompromisdən danışmaq olar.Seçkilərdən sonra yalnız Araik Arutunyanın və ya başqa bir namizədin başçısılığı ilə Bako Sakyan rejiminə qarşı inqilabi proseslərin baş qaldıracağı ehtimalı artır.

Mövcud vəziyyəti “Cümhuriyət” qəzetinə şərh edən politoloq İlqar Vəlizadə hesab edir ki, Dağlıq Qarabağda müxtəlif senarili siyasi proseslər baş verə bilər.Amma Azərbaycan üçün əsas prioritet işğal edilmiş ərazilərin azad olunmasıdır. Separatçı rejimin başında kimin dayanması, onun Ermənistan hakimiyyəti ilə münasibətləri Azərbaycan dövləti üçün maraq kəsb etmir: 

“Azərbaycan dövləti Dağlıq Qarabağdakı separatçı rejimi tanımır və onu qondarma adlandırır. Bu oyuncaq rejimdə nə baş verməsi prinsipial əhəmiyyət kəsb etmir.Qondarma rejim, Dağlıq Qarabağdakı ermənilər Ermənistanın əlində bir alətdir.Onlar bu vasitədən Azərbaycana qarşı istifadə edir.Lakin bu oyun nə vaxtsa bitməlidir.Orada kimin hakimiyyətə gəlməsi, yaxud gəlməməsi yazılmış senarinin bir hissəsidir.Bu, Azərbaycan üçün deyil, ermənilərə maraqlıdır.Nikol Paşinyan özünün siyasi dayaqlarını həm Ermənistanda, həm də Dağlıq Qarabağda möhkəmlətməyə çalışır.Ona görə də Dağlıq Qarabağda gedən prosesləri Ermənistanda baş verən çəkişmələrin davamı kimi hesab etmək olar.Dağlıq Qarabağda sanki bir “siyasi qoruq” yaranıb.Bu qoruqda Qarabağ klanı hakimlik edir.Ermənistandakı Paşinyan hakimiyyəti isə yəqin ki, həmin klanı neytrallaşdırmaq istəyəcək.Paşinyana yaxın olan namizədin məqsədi də Qarabağ klanını neytrallaşdırmaqdan ibarət olacaq.

Bako Saakyanın 2020-ci ildə öz namizədliyini irəli sürməyəcəyini bəyan etməsinə baxmayaraq, bu Qarabağ klanının müşahidəçi mövqeyi tutacağı anlamına gəlmir.Çox güman ki, onlar da öz namizədini irəli sürəcək.İstənilən halda, baş verənlər Azərbaycan üçün əhəmiyyət kəsb eləmir.Bizim əsas məqsədimiz Dağlıq Qarabağ ətrafında gedən prosesləri dəyişdirməkdir.Hazırda bununla bağlı bir oyun gedir.Həmin oyunda Paşinyan da, Qarabağ klanı da iştirak edir. Paşinyan Dağlıq Qarabağa sonuncu səfəri zamanı hərbçilərlə görüşməklə, şəkillər çəkdirməklə və həmin şəkillərin altından utanmadan “Biz erməni ordusuyuq” yazmaqla Azərbaycan torpaqlarını Ermənistanın işğal etdiyni etiraf edir. Bununla da Ermənistan hakimiyyətinin erməni ordusu ilə həmrəy olduğunu nümayiş etdirir. Belə bir vəziyyətdə, Dağlıq Qarabağdakı separatçı rejimin daxilində baş verən hadisələrdən müsbət nəticə gözləməyə dəyməz ”.(Cebhe.info)


Tarix: 9-11-2018, 09:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}