Beynəlxalq Bankı talayan keçmiş oliqarx məhkəməyə çıxarılır

Beynəlxalq Bankı talayan keçmiş oliqarx məhkəməyə çıxarılır Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Virtualaz.org saytının xəbərinə görə, məhkəmə hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmiş qismində Beynəlxaq Bank və "Aqrarkredit Bank" ASC tanınıb. Məhkəmənin baxış iclası fevralın 2-nə təyin edilib.

Sabiq deputat “Beynəlxaq Bank əməliyatı” zamanı həbs edilən şəxslərdəndir. Bankın İdarə Heyətinin sabiq sədri olmuş Cahangir Hacıyevdən sonra Xəlilov da digərləri ilə birlikdə həbs edilmişdi.

Sabiq deputat mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vergi ödəməkdən yayınma kimi cinayətlərdə ittiham olunur.

Xəlilov sabiq deputat olmaqla yanaşı, həm də iş adamıdır. O, “Globus Plaza”nın sahibidir.

Xatırladaq ki, D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub.

2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.

Onu da qeyd edək ki, "Globus Plaza"nın sahibi olan D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat məmimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən il "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib

İnarə Rafiqqızı
Tarix: 26-01-2017, 20:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}