Avropa Şurasının xüsusi missiyası İlqar Məmmədov üçün Bakıya gəlib

 Avropa Şurasının xüsusi missiyası İlqar Məmmədov üçün Bakıya gəlib Avropalı həmməruzəçilər ölkə başçısı ilə görüşdülər; qonaqlar bu gün vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirəcəklər

Yanvarın 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennakın Azərbaycana səfəri başlayıb. Həmməruzəçilər prezident İlham Əliyevlə görüşüblər.

Danışıqların təfərrüatı açıqlanmır. Səfərdə məqsəd Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsidir.
Həmməruzəçilər səfər çərçivəsində vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcəklər.


Bu barədə “Yeni Müsavat”a məlumat verən İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı görüşün yanvarın 13-də reallaşacağını söylədi: “Həmməruzəçilər vaxtaşırı ölkəmizə gəlirlər. Gəlişlərində məqsəd odur ki, dövlət strukturları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb məlumat toplasınlar və hazırladıqları hesabatlarda bunlar öz əksini tapsın. Bu bir işçi səfəridir. Ona görə də buna xüsusi bir hadisə kimi baxmaq lazım deyil. Bizimlə görüşləri yanvarın 13-də olacaq. Proqramın bu şəkildə tutulması, yəni birinci cənab prezidentlə, sonra bizimlə görüşmələri bizim işimizə müəyyən çətinliklər yaradır. Əvvəl bizimlə görüşüb, bəzi məsələlərin həllini müzakirə etsələr, bizim mövqelərimizi öyrənib sonra ölkə başçısı ilə görüşsələr, daha məqsədəuyğun olardı. Amma bu onların da günahı deyil. Çünki Strasburqda bu proqram belə tutulub. Mən və həmkarlarım onun tərəfdarıdır ki, hər hansı bir məsələ ortaya çıxanda onu dialoq vasitəsilə həll edək. Bu görüşdə İşçi Qrupunun fəaliyyətini göz önünə gətirəcəyik ki, bu zaman ərzində hansı işləri görmüşük. Burada tək siyasi məhbus məsələsi müzakirə olunmayacaq. Orada Azərbaycanın üzərinə götürdüyü bütün öhdəliklər barədə söhbət açılmalıdır. Tək siyasi məhbuslar üzərində fikirləri cəmləşdirmək düzgün deyil. Azərbaycandan Avropaya siyasi məhbuslarla bağlı çaşqınlıq yaradan neçə-neçə rəqəmlər gedir. Bu, çox xoşagəlməz bir hadisədir. Nəticədə problemin çözülməsində çətinliklər yaranır. Bir məsələni önə çəkməklə bütün məsələlər həll olunmur. Əksinə, dalana tıxanırıq”.

 Avropa Şurasının xüsusi missiyası İlqar Məmmədov üçün Bakıya gəlib

Həmməruzəçilərlə eyni vaxtda Avropa Şurasının xüsusi missiyası da ölkəmizə gəlib. Səfərdə məqsəd Avropa Şurasının üzvü üçün məcbur olan qərarların yerinə yetirilməsindən Azərbaycanın imtina etməsi ilə bağlı məsələlərin öyrənilməsidir.
Yanvarın 11-də AŞ baş katibi Yanqland Strasburqda müşavirədə bildirib ki, onun qərarı ilə təşkilatın nizamnaməsinin 52-ci maddəsi əsasında yaradılan xüsusi missiya Azərbaycana gedib.

“Missiya Bakıda İlqar Məmmədovun işi ilə bağlı qərarı və bununla əlaqədar digər məsələləri müzakirə edəcək”, - Yanqland vurğulayıb.

Həmin gün Avropa Şurası katibliyinin hüquq departamentinin direktoru Filip Buaya və siyasi məsələlər üzrə direktor Aleksandr Gessel baş prokurorun müavini Namiq Əsgərovla görüşüblər.

Qeyd edək ki, Avropa Şurasının nizamnaməsinin 52-ci maddəsi AŞ qərarlarına məhəl qoyulmaması və üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsindən imtina halları ilə bağlı təşkilat üzvü olan ölkələrə sanksiya tətbiqini nəzərdə tutur. Azərbaycan hökuməti isə Avropa Məhkəməsinin İlqar Məmmədov və Əli İnsanovla bağlı qərarlarını hələ də icra etmir.

 Avropa Şurasının xüsusi missiyası İlqar Məmmədov üçün Bakıya gəlib

REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı “Yeni Müsavat”a bunları dedi: “İlqar Məmmədov 4 ilə yaxındır həbsdədir. Bu müddət ərzində Avropa Şurasının, Avropa İnsan Haqları Məhkəməsinin, Avropa Şurası Nazirlər Komitəsinin çoxsaylı qərarları var. Bunların heç biri həyata keçirilməyib. Haqlı olaraq da Almaniya və Böyük Britaniyanın xarici işlər nazirliklərinin İlqar bəyin işi ilə bağlı bəyanatları oldu. Bildirildi ki, İlqar Məmmədovu dərhal azad etmək lazımdır, onun heç bir günahı yoxdur, əksinə, onun hüquqları pozulub. İndiyə qədər bu tipli iradlar, bəyanatlar Avropadan dəfələrlə Azərbaycana qarşı səslənib. Avropa Şurasının Nazirlər Komitəsi ötən il belə bir qərar qəbul etdi ki, qurumun hər həftəki iclasında İlqar Məmmədov azadlığa çıxmayana qədər onun məsələsi gündəliyə ayrıca bir məsələ kimi salınacaq. Bu çağırışlardan sonra İlqar Məmmədov azad olunmadı, ötən il noyabrın 18-dəki Ali Məhkəmədən sonra tam aydın oldu ki, hakimiyyət onu azad etmək istəmir. Təbii ki, bundan sonra qərara alındı ki, Azərbaycana xüsusi bir missiya göndərilsin. Ümid edirik ki, bu missiyanın sonuc etibarı ilə müsbət nəticəsi olacaq. Bundan sonra İlqar Məmmədovun həbsdə saxlanılması tək iqtidarın öz maraqlarına deyil, ümumən Azərbaycanın maraqlarına ziddir. Əgər İlqar bəy həbsdə saxlanılsa, ölkəmizə sanksiyalar gözləyir. Avropa Şurası tərəfindən Azərbaycanın nümayəndə heyətinin mandatı dondurula bilər, nəticədə ölkəmiz səsvermə hüququndan məhrum olunar. Bunun da Azərbaycanın dövlət imicinə müsbət nəticəsi olmaz. Qarabağ münaqişəsinin həlli istiqamətində bu amilin ciddi zərbə vura biləcəyini də unutmaq olmaz. Ümid edirik ki, Azərbaycan hökuməti bunları nəzərə alıb, doğru qərarı, nəhayət, verə biləcək”.

Cavanşir ABBASLI
Tarix: 13-01-2017, 08:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}