DİN ADI ALTINDA NARKOTİK TİCARƏTİ... – Həbs olunan axundların İranla nə kimi bağlantısı var?



Və yaxud Qafqaz Müsəlmanları İdarəsinin təltif etdiyi axundların narkotacir çıxması təsadüfdür, yoxsa...
Azərbaycanda narkomaniyaya və narkotiklərə qarşı mübarizədə “ağ ölüm aludəçiləri”nin asılılıq sindromundan xilasında dini-mənəvi tezislər mühüm rol oynayır. Bu tezislər insanlara itirdiyi, yaxud heç fərqində olmadığı mənəvi-əxlaqi keyfiyyətləri kəşf etmək yoluna işıq salır ki, bu da şəxsin doğruları dərk etməsinə, ona zərər verən pis vərdişlərdən uzaq durmasına, şəxsiyyət kimi bərpasına, yenilənməsinə yol açır. Buna reabilitasiya prosesindən keçərək sağlam həyatı seçən insanların sonrakı davranışları dəlalət edir.

Ümumiyyətlə isə, cəmiyyəti əxlaqa, mənəviyyata ruhani təbəqə, din adamaları yönəldir. Üstəlik, birbaşa vəzifəsi insanlara mənəvi-əxlaqi normaları aşılamaq olan din adamları dövlətə tabe olan ibadət yerlərinə, məscidlərə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur. Amma təəssüflə qeyd etmək istəyirik ki, bu sahədə hər şey gözlənildiyi kimi deyil. Əksinə, son vaxtlar din adamlarının narkotik ticarəti ilə bağlı həbs olunduğu haqda ardıcıl faktlarla qarılaşmaqdayıq.
Məsələn, Stopnarkotik.az saytında 2023-cü ilin 29 avqustunda yayımlanan “NARKOTİK SATAN AXUND MƏHKƏMƏ QARŞISINA ÇIXARILDI” sərlövhəli yazıda Binəqədi rayonunun Xocahəsən qəsəbə Cümə məscidinin axundu Hacı Telman Əsədullayevin həbs edildiyi xəbər verilib. Axund narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilirdi. Telman Əsədullayev Bakıda hüquq mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılaraq, üzərindən külli miqdarda narkotik vasitə aşkar edilmişdi.

Samid Salamov
Bu qəbildən olan narkotacir axundun eyni cinayət əməli ilə həbs olunması ötən həftə Neftçalada da baş verdi. Amma Neftçala rayonunda Kərbəlayi Samid kimi tanınan Salamov Samid Şakir oğlunun Hacı Telman Əsədullayevdən bir “üstünlüyü” var ki, o, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təltif edilmiş şəxs olub. Bu isə o deməkdir ki, Kərbəlayi Samid QMİ sferasında hörmətli və “himayə olunan” fiqur olub. Amma himayə olunmaq onu paxırlarının açılmasından, ikrah doğuran narkoticarət əməli törətməsindən çəkindirə bilməyib.

Sual oluna bilər ki, Azərbaycan əhalisinin əksər hissəsinin mənsub olduğu İslam dini insanları zərərli vərdişlərdən uzaqlaşmağa çağırdığı halda, bəzi dini vəzifə daşıyan adamların narkotik ticarətinə meyl etməsi hansı mətləblərdən xəbər verir?
Yəqin ki, narkotikdən gələn “bərəkətli pullar” onları tamahlandırıb. Bu bir tərəfə, bəs axundun məsuliyyət baxımından qarşısında cavabdeh olduğu QMİ cəmiyyətin dini-əxlaqi-mənəvi maariflənməsi üçün görəvləndirdiyi kadrlarının əməllərindən nə qədər xəbərdardır, yaxud bixəbərdir? Baş verənlər QMİ-nin səriştəsizliyindən xəbər vermirmi? Vəzifəsini Ramzan, Qurbanlıq bayramlarının hansı tarixə təsadüf etməsi, yaxud Aşura ayının gəlişi-gedişini xəbər verməklə yekunlaşmış hesab edən qurum təyin etdiyi şəxslərin səriştəsizliyinə niyə göz yumur?

Məhz bu nüansın varlığına mühüm bir dəlil İranın dini həssas insanları asanlıqla “verbovka” etməsində sərgilədiyi müvəffəqiyyətdir. Başı narkotik ticarətinə qarışmış axundlar birbaşa vəzifə öhdəliklərinə aid olan işləri yerinə yetirməyin əvəzinə, narkotik alverinə aludə olub, dini inanclı təbəqənin isə İranın təsirinə keçməsinə nəinki göz yumurlar, hətta fəaliyyətsizlikləri ilə molla rejiminin narkotik ticarətini qulaqardına vurmaqla buna münbit şərait də yaradırlar. Demək olar ki, ölkə gündəmi günaşırı İrana casusluq edən azərbaycanlıların ifşa olunması xəbərləri ilə “zəngindir”. 
Azərbaycana gələn narkotikin əsas həcminin İrandan ötürüldüyü məlumdur. İranlı naməlum narkotacirlərdən narkotiki onlayn yolla əldə etdiyini bildirən “ölüm alverçiləri” isə birbaşa Tehranın narkoticarət şəbəkəsinin əməkdaşlarıdır. Maraqlı məqamdır ki, narkotik alverçisi olan axundlar bu ticarətin hansı nöqtəsində dururlar - özləri birbaşa İranın narkoşəbəkəsinə bağlantını təmin edirlər, yoxsa narkotiki “naməlum iranlı tacir”dən aldığını iddia edən şəxslər vastəsilə alıb, öz çevrələrində olan “sadəlövh müridlərini” bu bəlanın asılısına çevrirlər?

Bəs, narkotik asılısına çevrilən zombiləşmiş müridlər dəstəsi təkcə narkotik ehtiyacını təmin etmək üçün kimin əmrlərini dinləmək, kimin sözsüz-sorğusuz itaətində durmaq məcburiyyətindədirlər? Əlbəttə, “narkotik cənnəti” İranın. Çünki əks halda gizliliyin saxlanılması şərti ilə problemsiz narkotik ehtiyacını ödəmək çətinləşəcək.
Digər tərəfdən, dinin təmsilçisi olan axundların şübhə çəkmək ehtimalı nisbətən zəifdir. Hərçənd, bu insidentlərdən sonra dövlət məscidlərinə rəhbərlik edən molla və axundların DTX tərəfindən saf-çürük edilməsi də mütləqdir.

Beləliklə, anlaşılan odur ki, narkotikə öyrəşdirilərək asılıya çevrilən şəxslərdən İran casus ordusu əmələ gəlməsində birbaşa axundların “xidməti”, yaxud “ticari marağı”, pul qazanmaq tamahı danılmazdır. Belə olan halda, QMİ-yə tabe olan axundun dinləyici kütləsinin də İranmeylli olması və onların da sıralarından günaşırı ifşa olunan İran casuslarının meydana gəlməsi onu deməyə əsas vermirmi ki, axund-mürid əlaqəsi elə Tehrana bağlantılıdır və Azərbaycanın dini təbəqəsinin İran təsirində saxlanması, zamanı gələndə isə Azərbaycana qarşı tuşlanacaq silah məqsədi daşıyır?
Odur ki, öllkənin milli təhlükəsizliyi baxımından narkoticarətə qarşı aparılan kampaniya çərçivəsində İrana meylli dini şəbəkənin nəzarətə götürülməsi vacibdir. Ən əsası, İranın Azərbaycanı narkotikin ağuşunda boğmağa çalışması, gənclərimizin narkotik bataqlığına salınması Tehranın bizə qarşı apardığı müharibə və genosiddir. Faktiki olaraq, QMİ-nin hörmətli, sanballı axundlarının narkotik ticarəti ilə məşğul olması elə İranın “özümüzdən olan baltalar”ın əliylə bizə, ölkəmizə qarşı yürütdüyü “narkotik savaşı”dır. Və bu savaşda QMİ özünü səriştəsiz və əlindən heç bir şey gəlməyən, dövlət maraqlarını güdə bilməyən, əksinə dövlətin vətəndaşlarının bizə qarşı narkotik savaşı aparan dövlətin “təbəəsi”nə çevirən, buna nəinki mane olan, əksinə münbit şərait yaradan və özünü doğrultmayan qurum olduğunu ortaya qoyur. Bu halda QMİ-nin fəaliyyət göstərməsinin nə əhəmiyyəti var?
Asya ŞÜKÜROVA
Stopnarkotik.az

Tarix: 15-04-2024, 22:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}