Böyük ABŞ-ın cırtdan müttəfiqləri - Palau, Nauru, Toqo

Böyük ABŞ-ın cırtdan müttəfiqləri - Palau, Nauru, Toqo
Bir siyasət adamı 200 ilin div ABŞ-nı haralardan haralara gətirdi... Dünya da mat qalıb, amerikalılar özləri də.

Reyqan dönəminin axırlarında dünyanın şəriksiz ağasına çevrilən, BMT üzvü olan dövlətlərin yüzdə 90-na söz keçirən ABŞ-ın bu gün BMT-də 9 müttəfiqi var.


Prezident Donald Trampın Yerusəlim\Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması qərarının əleyhinə BMT üzvlərinin 128-i səs verib. 35 ölkə bitərəf qalıb, 20 dövlət isə, ümumiyyətlə, səsvermədə iştirak etməyib və “nə şiş yansın, nə kabab” taktikası seçib.

Cəmi 9 ölkə isə Trampa, ABŞ-a qahmar çıxıb. Bunlar da hansı ölkələrdir, bir baxaq: ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya...

Göründüyü kimi, bu siyahıda cəmi iki ciddi dövlət var - ABŞ və İsrail. Daha iki ölkənin (Qvatemala və Honduras) adı isə az-çox haralardasa, məsələn, beynəlxalq idman yarışlarında səslənib, ən azı hansı qitədə yerləşdiyi bilinir.

Marşall adaları, Toqo, Nauru, Palau və Mikroneziyanın harada yerləşdiyini, kimlərlə qonşu olduğunu, hətta bu adda dövlətlərin mövcud olub-olmadıqlarını dünya ictimaiyyətinin 99,9 faizi bilmir. Bunlar qəbilə dövlətləridir, ABŞ-ın minlərlə şəhər və qəsəbələrindən biri boydadırlar. Ancaq belə anlaşılır ki, onlar bu gün ABŞ kimi nəhəng dövlətin müttəfiqləridir və ABŞ-ın onlara ehtiyacı varmış.

ABŞ-ın ənənəvi müttəfiqlərindən olan İngiltərənin, Kanadanın, Avstraliyanın, habelə 2-cü dünya müharibəsindən sonra daima bir cəbhədə yer aldığı Fransanın, Almaniyanın, Belçikanın, İtaliyanın, İspaniyanın, Hollandiyanın bu siyahıda olmaması göstərir ki, Trampın qərarı heç də optimal və obyektiv bir qərar olmayıb.

Səudiyyə Ərəbistanı, BƏƏ və Misir kimi Amerikapərəst dövlətlərin “doqquzluq”da olmaması isə yalnız o səbəbdən baş verməyib ki, nifaq alması rolunda “ərəb məsələsi”dir, yoxsa adları çəkilən dövlətlər ABŞ-ın yanında olmamağa cəsarət etməzdilər.

Rusiya, Çin, Venesuela, İran, Şimali Koreya, Kuba kimi dövlətlər isə dünyada nə baş verirsə, versin, məsələ nə olursa, olsun, fərqi yoxdur, mütləq ABŞ-a qarşı olacaqlar.

İndi bu hadisəni ABŞ-ın “tarixi məğlubiyyəti” kimi qələmə verənlər var. Bu yanlışdır. ABŞ-ın təklənməsindən söhbət gedə bilməz. Çünki bu, yalnız Fələstin-Qüds\Yerusəlim-İsrail məsələsində baş verən təklənmədir. Sabah ABŞ-ın, eləcə də bir çox dövlətlərin ümdə maraqlarına təhlükə yaranarsa, qüdrətli dövlətlərin tam əksəriyyəti ABŞ-ın ətrafında sıx birləşəcəklər.

Hadisəni Türkiyənin qələbəsi kimi vermək də düzgün deyil. Bu da epizodik qələbədir. Futbolda bir oyunçunun rəqibindən topu alması, driblinq edərək, qapıya zərbə endirməsi, hətta qol vurması hələ qələbə qazanmaq deyil. Oyunun nəticəsinə baxmaq lazımdır. ABŞ-İsrail-Fələstin-ərəb dövlətləri-Türkiyə oyununun nəticəsi isə hələ bəlli deyil, oyun yeni başlayıb, qarşıda vaxt çoxdur.

Bununla belə, prezident Donald Trampın xarici siyasətdə ard-arda buraxdığı səhvlər ondan xəbər verir ki, gedişat bu cür davam etsə, ABŞ dünya hegemonu statusunu tamamilə itirəcək və gerçəkdən də təklənəcək.

Bu dövlət Şimali Koreya ilə müharibə həddinə gəlib, Türkiyə ilə dostluq, müttəfiqlik büsatının yerində “mehriban düşmən”lik münasibəti bərqərar olunub, Rusiya ilə münasibətlərinin hansı müstəvidə olduğu anlaşılmır, Çinlə açıq-aşkar şiddətli çəkişməyə girişib, Fransa və Almaniya ilə münasibəti soyumaqdadır, İngiltərə ilə əvvəlki kimi mehriban deyil və sair və ilaxır.

Bəzən belə iddialar səslənir ki, guya ABŞ-ın yeni dünya siyasəti strategiyasını əslində ölkənin “dərin dövləti”, analitik institutları müəyyənləşdirir və Trampın xarici siyasət komandasının bu siyasətə təsiri azdır. Yaranmış durum, gedən proseslər isə əksini göstərir.

Heç inanmaq olmaz ki, həmin analitik institutlar bir qüdrətli dövlətin xarici siyasətinin bu qədər bərbad yeridilməsini görsünlər və ona seyrçi mövqe tutsunlar.

Səriştəsizliklər, yanlışlıqlar o qədər barizdir ki, bunun “dərin dövlət”in yox, “dayaz düşüncə”lərin məhsulu olduğu birmənalı şəkildə ortadadır. Kimsə deyə bilər ki, nə bilirik, bəlkə yeni dünya düzənində ABŞ-a elə bu lazımdır.

Xeyr. Heç bir dövlət dünyanın siyasi arenasında Toqo, Palau, Nauru, Mikroneziya kimi qəbilə dövlətlərindən müttəfiqlik dəstəyi umacaq qədər nüfuzdan düşmək istəməz. Bu faydalı və perspektivli durum deyil.

Xalid KAZIMLI
Tarix: 23-12-2017, 08:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}