Rus tələsindəki “pendir” - 5 rayon...

Rus tələsindəki “pendir” - 5 rayon... Ərdoğan Putinlə növbəti görüşə hazırlaşır. Türkiyə lideri görüşdə Qarabağ məsələsinə də toxunulacağını deyib və belə bir ifadə işlədib ki, “əgər Putin həqiqətən Qarabağ problemi ilə məşğul olsa, o zaman problem asanca çözülər”. Biz də şübhə eləmirik və illərdir bunu deyirik.

Ancaq çifayda? SSRİ-nin hüquqi varisi olan Rusiya da SSRİ-nin miras qoyduğu süni Qarabağ ixtilafının həllində maraqlı görünmür. Əsas səbəbi desək, “Amerika” açmarıq: Moskva hələ problemdən dolayı güddüyü hədəflərə tam çatmayıb.

Hədəflər sırasında Azərbaycanı öz orbitində saxlamaq, Qarabağ konflikti sayəsində silah biznesindən yaxşı paralar qazanmaqla yanaşı, NATO-nu, ABŞ-ı strateji əhəmiyyətli həmsərhəd bir ölkəyə - Azərbaycana buraxmamaq da var. Çünki Rusiya Güney Qafqazı özünün “arxa bağçası” sayır və Avrasiya layihələri hesabına bu bağçaya “legitimlik” statusu qazandırmaq istəyir.

Ancaq Moskva onu da anlayır ki, münaqişənin həllini sonsuzadək uzatmaq mümkün deyil. O üzdən ara-sıra bizi şirnikləndirmək üçün 2, 3, 5 rayon söhbətləri ortaya atılır. Razılıq verəcəyimiz təqdirdə bunu boynumuza böyük bir minnət kimi qoymaq istəyirlər. Lakin nəyin qarşılığında? Əsas sual budur.

Son olaraq 5 rayon söhbəti dövriyyəyə buraxılıb. Kremlin ideoloqu, avrasiyaçı Aleksandr Duqin Minval.az-a müsahibəsində bundan ağız dolusu danışaraq, 5 rayonun qaytarılmasını bizdən ötrü az qala, misilsiz uğur, problemin kardinal həllinə yaxınlaşma kimi qələmə verməyə çalışıb. Ancaq bizə 5 rayon yox, işğal altındakı ərazilərimizin hamısı, bütöv lazımdır.

Əgər 5 rayonun azad edilməsi ilə: 1. Qarabağ probleminin həlli daha uzaq perspektivə atılacaqsa; 2. Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtması daha da qəlizləşəcəksə və BMT-nin 4 məlum qətnaməsi qüvvədən düşəcəksə; 3. Rusiya ölkəmizdə öz hərbi mövcudluğunu bərpa edəcəksə; 4. Azərbaycanın yerdə qalan ərazilərini silah gücünə azad eləmək hüququ əlindən həmişəlik alınacaqsa, o zaman bizə 5 rayonun bu cür təhvil-təslimi əsla lazım deyil!

Fəqət, erməni kökənli Sergey Lavrovun adına bağlanan “Lavrov planı”ndan göründüyü kimi, Kremlin əsas hədəfi məhz budur: konfliktin həllində guya ciddi dönüş yaranır, lakin o, artıq qeyri-müəyyən müddətə Moskvanın inhisarında qalır, üstəlik, Azərbaycanın hərbi yola əl atması kimi müstəsna hüququ əldən çıxır və bütün bunlar azmış kimi, Azərbaycanda rus həbi kontingenti peyda olur - Azərbaycanın öz xahişi ilə!

Rusiya üçün ideal variant deyilmi?

Müxtəsəri, 5, hətta 7 rayonun bizə minnətli qayıdışı əvəzində Qarabağı həmişəlik itirəcəyiksə, belə “yaxşılığı” dərhal geri çevirməliyik. Çünki bu, öz torpaqlarımızı öz torpaqlarımıza dəyişməkdən savayı bir şey deyil. Yəni əslində bir rus tələsi, 5 rayon da həmin tələdə “havayı pendir”dir ki var. Duqinin sözlərindən də zatən, bu anlaşılır ki, əsas 5 rayondur, “bunu götürüb bayram edin”, konflikt sonra da həllini tapa bilər.

Bizə belə “həll”, daha doğrusu, həll adı ilə problemin çözümünün daha da qəlizlə salınması gərək deyil. Zira, əsas olan boşaldılacaq rayonların sayı yox, məsələyə hansı prinsiplərlə yanaşmadır. Əgər bu prinsiplər və ya bizə bəh-bəhlə təqdim olunan həll modelləri ərazi bütövlüyümüzü şübhə altına alacaqsa, Dağlıq Qarabağı bizdən daha da uzaqlaşdırıcaqsa, onda neçə rayonun qayıtmasının nə anlamı var?

Diqqətli olaq və tələdəki “pendir”ə əl uzatmayaq.

Zahid SƏFƏROĞLU
Tarix: 11-11-2017, 08:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}