“Quska”nın nəinki vahid namizəd, namizəd olmaq yolu da bağlıdır

“Quska”nın nəinki vahid namizəd, namizəd olmaq yolu da bağlıdır Tural Abbaslı: “Zamanında hakimiyyətdə tutduğu mövqeyə görə xalqa divan tutmuş ”şilləvuranlar..."; Əli Əliyev: “Hansı əclaflığı edirsən-et, bir müxalifət liderinə rüşvət verməklə indulgensiya ala bilərsən”

Almaniyada mühacirətdə olan sabiq deputat Hüseyn Abdullayevin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iddiasını irəli sürməsi onun ətrafında müzakirələri artırıb. Xarici dövlətdə yaşayıb Azərbaycanda prezidentlik eşqinə düşən “Qusqa” ləqəbli keçmiş hakimiyyət məmurunun müxalifətin vahid namizədi ola biləcəyi barədə iddialar səslənir.


AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, özünə hörmət edən heç bir qurum Hüseyn Abdullayevi dəstəkləməz: “Son zamanlar müxalif düşərgədə çox təhlükəli və ziyanlı bir ənənə formalaşıb. Bu və ya digər səbəbdən hakim komandadan qovulan ”vurulmuş" sabiq iqtidar nümayəndələrinə müxalifət çox böyük həvəslə qucaq açır və ona sahiblənir. Bu zaman həmin şəxsin zamanında Azərbaycanın demokratik və iqtisadi inkişafına vurduğu ziyanlar qəti nəzərə alınmır. Hətta belələrinə nəinki qucaq açılır, həm də bunları müxalif düşərgədə minlərlə insanın haqqına girərək ən yuxarı başa keçirirlər. Mən illərin müxalifətçilərini tanıyıram ki, mübarizəyə görə həyatını, ailəsini, gələcəyini qurban verib, ancaq onlara münasibət “vurulmuş” məmurlara olan münasibətdən dəfələrlə aşağıdır. Mən hakimiyyət komandasında vurulduqdan sonra müxalifət düşərgəsində özlərinə sığınacaq axtaran məmurların qəbullanılmasının tam əleyhinə deyiləm. Bunu nə vicdani baxımdan, nə də siyasi baxımdan doğru hesab edirəm.



T.Abbaslı deyir ki, zamanında Hüseyn Abdullayevin qoçu dəstələrinin qanunsuz və özbaşına təzyiqi ilə üzləşib: “Hələ 2003-cü il prezident seçkiləri zamanı bizim gənclərə qarşı xüsusi vəhşiliklər və zorbalıqlar edən silahlı quldur dəstəsinin başında duran da məhz Hüseyn Abdullayev idi. İndi belə bir şəxsin gəlib prezidentliyə namizəd olacağını bəyan etməsi rəzalətdən başqa bir şey deyil. Əgər hansısa müxalifət partiyası onun namizədliyini dəstəkləsə, xalqın nəzdində özünə ölüm hökmü kəsmiş sayılar. İnanmıram ki, özünə və üzvlərinə hörmət edən hansısa siyasi quruluş belə bir adamın namizədliyini dəstəkləyə. Zamanında hakimiyyətdə tutduğu mövqeyə görə xalqa divan tutmuş ”şilləvuranlar" indi xalqdan üzr istəmədən və xalqdan oğurladıqları milyonları elə xalq yolunda son qəpiyinə qədər xərcləmədən onlara heç bir isti münasibətdən söhbət belə getməməlidir".



VHP sədri Əli Əliyev bunları düşünür: “Biz bu gün ki mənzərəni 2013-cü ilin prezident seçkilərində də müşahidə etmişdik. Hakimiyyətin daxilindəki vəziyyət elədir ki, əsas mübarizə tərəfləri özlərinə elə zərbə vura bilərlər ki, ikinci dərəcəli sayılan, bu halda şansları yüksək olmayan müxalifət namizədlərindən kimsə önə çıxa, seçkinin taleyini həll edə bilər. Bu baxımdan müxalifət düşərgəsindəki prosesləri də ciddi öymək lazımdır. 2018-ci il seçkilərində namizədliyini siyasi baxımdan elan etmiş ilk namizəd mənəm. Digər namizədlər- Tural Abbaslı, Rəsul Quliyev, İsa Qəmbər, Fuad Əliyev xronoloji ardıcıllıqla sonradan kampaniyaya qoşulublar. Təbii ki, bu siyahı son deyil. Namizədlər arasında ölkə daxilində olmayan, mühacir həyatı yaşayan 2 nəfər var- Rəsul Quliyev və Hüseyn Abdullayev. Onların son illər hakimiyyət əleyhinə apardığı ardıcıl fəaliyyəti təqdir edirəm. Hər 2 şəxs bugünkü iqtidarın təşəkkülündə yaxından və bilavasitə iştirak edib, saraydaxili mübarizədə məğlub olduqlarından mühacirət etməyə məcbur olublar. Hesab edirəm ki, bu baxımdan hər iki namizəd düz yoldadır. Fikrimcə, siyasət etimad və bacarıq sənətidir. Əgər həm Quliyev, həm də Abdullayev YAP-ın nə istədiyini hesablamadan prosesdə iştirakçı olublarsa, deməli, naşı və bacarıqsızdırlar. Yox, əgər bu siyasətin başında bilərəkdən durublarsa, deməli , yumşaq desək, yanlış yolda olublar. Belə siyasi keçmişə malik olmuş şəxsləri iqtidara qarşı mübarizəsini alqışlayır, lakin müxalifət adına vahid, şanslı və digər epitetlərlə xarakterizə olunan statuslarda olmasının qəti əleyhinəyəm. Onlar özləri də bu iddiada olmalı deyillər. Çünki əvvəldə söylədiklərim o qədər ciddi yanlışlardır ki, bunun günahını uzun illər yuyub qurtarmaq mümkün deyil”.

Partiya sədri, ümumiyyətlə, müxalifət daxilində bir etik normativlərin olmasının tərəfindədir: “Əqidə seçimində ciddi yanlışa yol vermiş, əqidəsinə ”qarnı" üçün xilaf çıxmış, bir düşərgədə olaraq digərini aşağılamış, sonradan söydüklərinin yanında deyil, “başında” yer almasını düzgün saymıram. Təəssüf ki, belə praktika genişdir. Bu yanlışın da müəllifləri, təəssüf ki, müxalifət liderlərinin bəziləridir. Önə o şəxs çıxa bilər ki, onun siyasi keçmişi təmiz, reputasiyası bulaşmamış olsun. Siyasi olaraq maddi baxımdan qarınquluların olimpdə olmaq haqqı olmamalıdır. Onların siyasi transferi mümkün sayılmalı, lakin yuxarı başda olmaları yolverilməzdir. Bu, cəmiyyətdə psixoloji travma yaradır. Onda cəmiyyət düşünə bilər ki, hansı əclaflığı edirsən-et, oğurladığın, talan etdiyin pul müqabilində bir müxalifət liderinə rüşvət verməklə, indulgensiya (günaha görə müvəqqəti cəzalardan azad olam -red.) ala bilərsən. Belə nümunələr cəmiyyəti poza bilir".

Cavanşir ABBASLI
Tarix: 15-11-2017, 09:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}